millibirlik
 
 
Bölmələr
» Müəllif yazıları
» Müsahibələr


Son xəbərlər
» Xalqa və dövlətə xidmət etm ...
» Qoca balıqçının hekayətlə ...


Çox oxunan
» Xalqa və dövlətə xidmət etm ...
» Qoca balıqçının hekayətlə ...

Arxiv
Oktyabr 2010 (2)


Təqvim
«    Yanvar 2012    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Sayğac
Cəmi:
» İstifadəçilər: 1
» Məqalələr: 2
» Şərhlər: 0

Bu ay:
» İstifadəçilər: 0
» Məqalələr: 0
» Şərhlər: 0


           

Məqalələrin sıralanması: tarix | populyar | çox oxunan | şərh sayı | əlifba sırası

Xalqa və dövlətə xidmət etmək-onun amalıdır
Bölmə: Müsahibələr

                         Xalqa və dövlətə xidmət etmək-onun amalıdır

 

“Çox işlərim yarımçıq qalıb,  deyəsi sözüm, görəsi işim var, ancaq  səlahiyyətim yoxdur.  Mənə “kreslo” yox,  səlahiyyət lazımdır ki,  xalq üçün bir iş görüm!” 

      Amaliya xanımı təqdim etmək üçün  nə soyadını, nə də titullarını göstərməyə ehtiyac duymuram.  Fikirləşirəm ki, onsuz da Azərbaycan əhalisinin əksəriyyəti, ümumiyyətlə, dünya  teatrsevərləri  onu yaxşı tanıyır. “Tanınan, görünən  kəndə nə bələdçi”  deyimini əsas  tutub  onu sadəcə xalq dilində, bizim Amaliya deyib hallandırmaq istədim. Axı, doğurdan da bizim  görkəmli, adlı – sanlı məşhurlarımız arasında vur–tut cəmi bircə  Amaliyamız var. Onu  həyatda  heç vaxt yaxından   görməmiş, onunla  bircə kəlmə  belə kəsməmişdim. Ancaq elə bilmişəm ki, biz onunla “yüz ilin dostuyuq”.  Bu doğmalığın,  yaxınlığın səbəbi  nədir? Axı, heç nədən heç bir şey yaranmır! Zəng vurdum, özümü təqdim etdim və görüşdük. Ancaq harada? Şəhərin hərbi hissələrinin birində məkan seçdiyi iş otağında.  Nəzarət buraxılış  məntəqəsinin qapısından  artıq içəri keçmişdim. O, qapıya sarı, mənsə ona tərəf addımlayırdıq. Hərbçilər isə  öz hərəkət  istiqamətində idilər. Otağa daxil olduq. Özü kimi sadə, özü kimi gözəl, ürəyi kimi geniş bir otağı var hərbi hissədə  Amaliya xanımın! Bəs niyə hərbi hissədə, bu haqda  heç bir sual vermədim. O da heç bir şeyə eyham, işarə vurmadı. Bax, burada onun həm soyadını, həm də titullarını göstərməliyəm. Heç olmasa ona görə ki,  böyüməkdə olan nəsl  də onu yaxşı  tanısın. Çoxumuzun səhnəmizin “kraliçası” adlandırdığı Respiblikanın  xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, Mədəniyyət və  İncəsənət Universitetinin professoru,  2000–2005-ci illərdə Milli Məclisin deputatı Amaliya Pənahova düz  45 ildir ki, həyatda və sənətdə  gərgin, fəal  mövqedə çalışır, dərin məhəbbətlə sevdiyi  xalqına və  dövlətinə xidmət edir.  O, həyatda da, sənətdə də,  ictimai dövlət işində də  böyük amallar uğrunda daim çalışan  Amaliyadır!  Böyük sənətkarla müsahibəmiz qısa olsa da,  özünün dediyi kimi çox mənalı, ibrətamiz, təsirli idi…

 - Amaliya xanım, əhvalınız necədir?  Nə ilə məşğulsunuz?

- Sözsüz ki, həyat yoldaşını itirən qadının  əhvalı  hamıya məlumdur. Ancaq ümumiyyətlə,  pis deyiləm. Hamı kimi.  Məşğuliyyətim isə əvvəlki kimi  Bələdiyyə teatrının qayğıları və yaradıcılıq işləridir.  20 ildir Mədəniyyət və İncəsənət  Universitetində dərs deyirəm.

- İctimai mühitlə əlaqəniz necədir?

- Əvvəlki kimi çalışmaqdayam. YAP–ın Səbail rayon təşkilatının  İdarə heyətinin, YAP–ın  Qadınlar Şurasının üzvüyəm.  Mən heç vaxt  səmərəsiz vaxt ötürmürəm.  2000– 2005– ci illərdə  parlamentdə millət vəkili olarkən MDB – ölkələri üzrə  mədəniyyət, turizm və informatika  daimi kopmitəsində üzv,  sədr müavini və  sədr əvəzi, eyni zamanda,  İtaliya–Azərbaycan parlamentlərarası  işçi  qrupunun  üzvü olmuşam. Bundan başqa, parlamentin sosial siyasət daimi komissiyasının üzvü olmuşam.

-  Necə düşünürsünüz, sənətdə çalışdığınız 45 ildə   yaratdığınız obrazlarla  xalqa daha çox  xeyir vermisiniz, yoxsa  parlamentdə  5 il üzv olduğunuz zaman?  Balansdakı  vəziyyətin  spesifik xüsusiyyətləri barədə nə deyərdiniz?  

 -  Hər ikisinin, yəni hər iki  fəaliyyətin öz çəkisi,  öz həcmi,  öz ölçüsü var.  Düzdür,  səhnədə  və sənətdə yaratdığım  obrazlardan başqa  mən həm də  teatr rəhbəri  olmuşam. Ancaq sualınızda zidiyyət olsa da,  məntiq də var.  45 illik sənətimdə xalqımın mənəvi  ehtiyaclarını qismən təmin etmiş, onlara dayaq olmuşam. Ancaq 5 illik parlament fəaliyyətimdə seçicilərimin  madiyyatla bağlı olan problemlərinin  həllində müəyyən işlər görmüşəm. Xüsusən,  Gəncə əhalisi üçün çox  işlər görmüşəm. Su, işıq problemi o vaxt çox idi, fərdi qəbullarda xalqa vicdanla kömək etmişəm. Bunu gəncəlilər yaxşı bilir.  Ancaq  çox işlərim  də yarımçıq qalıb,  deyəsi sözüm, görəsi işim var, ancaq  səlahiyyətim yoxdur.  Mənə “kreslo” yox, səlahiyyət lazımdır ki,  xalq üçün bir iş görüm!  Bu gün cənab prezident İlham Əliyevin   dəstəyi ilə təhsil, mədəniyyət və səhiyyə sahəsində  böyük humanist, quruculuq işləri gedir. Bax, mən də  bu işlərin  görülməsində öndə  getmək istərdim. Prezidentə, xalqa, dövlətə, qanunçuluğa dəstək  olmaq,  səlahiyyətli bir şəxs kimi  iş görmək istərdim.  Mən YAP və YAP Qadınlar Şurasının  üzvü olan 2 qadından  biriyəm.  Təvazökarlıq insan  ləyaqətini  qiymətləndirən  əsas və başlıca amildir. Mən çərçivəmə hörmət etməyi bacarıram.

    -   Millət vəkili olduğunuz dövrdə gördüyünüz işlər  sizi bəs  qədər qane etdimi?

   -   Böyük və dahi Balzak deyir ki,   əxlaqın ən əhəmiyyətli qanunlarından biri özü haqqında az danışmaqdır. Mən deyirəm ki, bacardığım qədər nə isə etmişəm.  Bu suala seçicilərim  daha yaxşı  və ətraflı cavab verə bilərlər.YAP – seçkilərə vahid siyahı ilə gedir.  Mən partiyanın nizamnaməsində nəzərdə tutulan müddəaları əsas hesab edirəm və partiyanın heç bir üzvü ilə üz–üzə dayanmaq istəmirəm,  qarşıdurma meyllərindən uzaq bir adamam. Mən hələ  sovetlər dönəmində o vaxtki Oktyabr RXDSİK–nə deputed seçilmişdim. Yəni siyasətdə az–çox təcrübəsi olan adam kimi partiya xəttini dəstəkləyirəm.

    -   Bir az da teatrdan danışaq.  Bu gün Azərbaycan  teatrını necə görmək istərdiniz?

     -Azərbaycan teatrının dünya sivilizasiyasına sürətli  inteqrasiyasını görmək istərdim.  İstərdim H.Cavidi, C Məmmədquluzadəni, M.F.Axundovu, S.Vurğunu, İ.Əfəndyevi, Anarı, Elçini, H.Həsənzadəni  dünya teatr səhnələrində görsünlər, onların əsərlərində Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan fəlsəfəsi, Azərbaycan həyatı, canı,  məğzi, adət - ənənəsi böyük və təkrarsız bir istedadla əks olunub. Bu sahədə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev başda olmaqla nazirlik çox böyük işlər görür. Sözsüz ki, bütün bunlar cənab prezident İlham Əliyevin  dəstəyi ilə, Heydər Əliyev Fondunun prezidenti   Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.  Bu işlərin daha da geniş vüsət almasını arzulayardım. Azərbaycan teatrı xaricdə  kütləvi hal kimi  kompleks  şəkildə təbliğ olunmalıdır.

   -   Amaliya xanım, bu gün dövlət teatrların təmiri, bərpası və yenidən qurulması üçün çox işlər görür. Ancaq həm teatr səhnələrində aktyor,  həm də salonlarda tamaşaçı  boşluğu var. Səbəb nədir? Mən siravi  bir tamaşaçı  kimi gələcəyin Amaliya Pənahova, Həsən Turabov, Həsən Məmmədov, Hamlet Xanızadə, Səməndər Rzayev, Rasim Balayevini görmürəm. Bəs siz necə?

    -  Mən bu yaxınlarda üç nəfər məzunumuz olan  qızları Bələdiyyə  teatrına dəvət etmişəm. İnanın, aktyor  qızların  səhnəyə cəlb olunması problemi yenə də  yaranıb.  Burada teatr xadimlərinin  də günahı var, tamaşaçıların da. Tamaşaçılar tərəfindən olan biganəlik aktyor sənətinə də  mənfi emosiya ötürür.

     -Bəlkə aktyorların məvacibinin az olması da  bu prosesə öz  mənfi təsirini göstərir?

    -O da var. Mən deputat olarkən bu məsələ ilə bağlı  təkliflər verdim, yoxlanıldı və  təsirli tədbir görüldü.  Ancaq inflyasiya davam etdikcə  maaşların artımı yubanırdı. Dövlətdə isə pul yox idi. 

   -  Amaliya xanım sonda bir əlavəniz varmı?  Bəlkə də hansısa məsələyə toxunmadım,  ancaq sizdə söz deməyə ehtiyac var.

    -  Çox istərdim ki, xalqımız parlament seçkilərində  fəal milli birlik ruhunu nümayiş etdirsin.  Öz səsini  layiqli  namizədə  versin.  Namizədlər isə  seçildiyi  halda xalqa    dövlətə  layiqincə xidmət  göstərsinlər,  xalq və dövlət mənafeyi naminə  iş görsünlər.  Ölkə prezidentinə dəstək olsunlar. Ulu öndərimiz Heydər Əliyevin ideyalarına,  azərbaycançılıq məfkurəsinə,  milli mentalitetimizin bütün xüsusiyyətlərinə sədaqətlərini  işlərində, əməllərində, həm də sözlərində, dillərində sübut etsinlər.

 

Oxunub: 0 Müəllif: millibirlik Bugün, 14:01 Şərhlər (0) Davamı...

Qoca balıqçının hekayətləri…
Bölmə: Müəllif yazıları

 

    Qoca balıqçının hekayətləri…

 

 

Keçən sayımızda Bilgəh kənd sakini  81 yaşlı Ağa  Mirsərdarın  hekayətlərini təqdim etmişdik. Bu söhbətlərin sosial əhəmiyyətini nəzərə alaraq Ağanın daha bir neçə maraqlı söhbətini də oxucularımıza çatdırmaq qərarına gəlmişik.  

 Beşinci  hekayət:  

 Rəvayətə görə  keçmişlərdə bir varlı  kişi yaşayırmış. Günlərin bir günü  kişinin gözləri  tutulur.  Bir gün yuxuda görür ki,  dəniz sahilində  bir  qoca balıq  tutur.  Və balığın kəlləsinin  qanından gözlərinə sürtülsə şəfa tapacaq.   Səhər kişi oğluna bəs qədər pul verir və göndərir  qocanın yanına. Oğlan qocadan xeyli balıq alıb  dəniz sahili boyu geri dönür.  Yarı yolda balıqlara yazığı gəlir. İki gözdən  ötrü bu qədər balığın  başının kəsilməsini rəva bilmir.  Aldığı balıqların hamısını  buraxır dənizə.  Evə əliboş gəlir.  Atası balıqları soruşur. Oğlan hadisəni olduğu kimi danışır.  Qəzəblənən ata cəlladlara əmr edir ki,  oğlunun boynunu vursunlar. Ağsaqqal, qarasaqqal yığışıb kişiyə yalvar – yaxar edib oğlunu  bağışlamağı xahiş edirlər. Çarəsiz qalan ata qərarı dəyişir,  onu vilayətdən tərki-vətən edir.  Çöllü – biyabanla yol gedən oğul,  irəlidə kiminsə getdiyini  görür, sürətini artırıb gəlib çatır ona.  Dostlaşırlar.  Bir ağacın altında əyləşib dərdləşirlər. Hər ikisi vətəndən didərgin düşdüklərini ərz edirlər.  Bəli, iki tərki-vətən  qərarlaşıb  olurlar qardaş.  Hətta bir kibrit dənəsi  tapsalar belə, onu yarıbayarı  böləcəkləri barədə  şərtləşirlər.  Nəhayət yol gəlib çıxırlar bir kəndə. Kəndin qırağında qəbiristanlıqda  ölülərin kəllə-mayallaq, böyrüstə,  tərsinə dəfn  edildiyini görüb təəccüblənirlər.  Soruşurlar ki, bu nə haldır, belə. Cavab verirlər ki, burada  dəfn olunanlar padşahın lal qızının  dilini aça bilməyən həkimlərin qəbirləridir. Padşah lal qızının  dilini açana var – dövlət bəxşiş verəcəyini söz vermiş, əks təqdirdə isə boyunlarını vurdurmuşdu. Qardaşlardan biri, qabaqda gedən padşahın lal qızının dilini açacağını bildirir.  Balıqları dənizə tullayan isə  başına ağıl  yığmağı deyib etiraz edir.

     Qabaqda gedən qardaş padşahın  yanına gəlib  lal qızının dilini açacağını deyir.  Padşah şərtini bildirir və  əks təqdirdə boynunu vuracağını  xatırladır.  Qabağa gedən qardaş bildirir ki,  beş nəfərin, yəni padşah, vəzir,  vəkil, lal qız və  onun iştirakı ilə  bir otağa  toplaşsınlar.  Qardaş  qızla danışan anda  heç kimin dinməməsini deyir.  Razılaşırlar. Qardaş söhbətə başlayır: “Bir gün molla, dərzi və xarrat  yol gedirlərmiş.  Nəhayət gəlib bir daxmada  gecələyirlər.  Dərzi görür ki,  xarrat səhər tez durub alətlərini götürüb başlayır iş görməyə. Xarrat taxtadan bir qız  heykəli  düzəldib  qoyur daxmanın küncünə.  Bunu görən dərzi xarratın sənət nümayişini görüb  həvəsə gəlib bir saz paltar tikib  geydirir heykəl qıza.  Yuxudan oyanan molla  bu iki nəfərin işini  görüb öz–özlüyündə nə edəcəyini düşünür. Əllərini açıb Allaha yalvarır ki,   Xudaya məni naümid eləmə, buna bir can ver.  Allah mollanın duasını eşidib heykəl qıza  can verir”.  Qardaş padşahın lal qızına sual verir.  Allahın can verdiyi bu heykəl qız xarrata, dülgərə, yoxsa mollaya düşür?  Lal qızın dili açılır və  deyir: “Allahın can verdiyi qız mollaya düşür”.  Lal qız bunu deyib yenə  də dili tutulur.  Padşah qızını qırx qatır qızıl və qırx qatır  gümüşlə  verir oğlana.  Oğlan qızı və varidatı  götürüb gəlir balıqları dənizə atan qardaşın yanına.  Varidatı  tən yarı bölürlər.  Qızı da bölmək istəyir. Çünki şərtləri əvvəlcə belə olmuşdur.  Xəncəri çıxarıb qızı tən ortadan bölmək istəyərkən, qız qışqırır. Dilinin altından bir ilan çıxır,  düşür yerə. Qızı lal edən elə bu ilan imiş.  Qızın dili açılır. Oğlan isə yoxa çıxır.  Yoxa  çıxan oğlan dənizə atılmış balıq imiş. Ona görə deyirlər ki,  balığı at  dənizə  balıq bilməsə,  xaliq bilər.  

  

 Dostluqda da düz olmaq lazımdır

 

 Altıncı hekayət: Kirpi ilə ilan dost olmaq barədə razılığa  gəlirlər.  İki dost yol gedirmiş.  Bir çaya rast gəlirlər. Kirpi nə edəcəyini bilmir. Onun üzə bilmədiyini  görən  ilan bildirir ki, darıxmasın, ona kömək edəcək.  Bəli, ilan kirpini mindirir  üstünə çayı keçərkən  tən ortada dayanıb  kirpinin namusuna müdaxilə  edəcəyi haqda arzusunu  bildirir.  Kirpi bunun düzgün olmadığını, bağlanmış şifahi müqavilənin şərtlərinin pozulmasına  etirazını bildirir. Ilan əks təqdirdə onu çaya buraxacağı ilə  hədələyir.  İlanın naqis  niyyətində  qərarlı olduğunu  görən kirpi  ona deyir: “Axı burada, millətin gözü qarşısında  bu “işi”  görmək ayıbdır. Heç olmasa o taya keçib bir kol -kosun  dalında bunu  etmək olar”.  İlan kirpini çayın digər sahilinə  keçirir. Sahilə çıxan kirpi qıy edir var qüvvə ilə  güclü qabırğa  zərbələri ilə  ilanı leş kimi uzadır yerə. İlan ölərkən, son nəfəsində  adəti üzrə qamətini düzəldir, düppədüz yerə uzanıb ölür. Kirpi onu söyüb dostluqda  da belə düz olmağı  tövsiyə edir.

 

    Ədəbli olmaq  üçün zat, yoxsa  tərbiyə  əsasdır?                                         

 

 Yeddinci  hekayət:  Cavan bir padşah dünyasını dəyişir.  Oğlu körpə olduğundan  hakimiyyəti başqa  birisi ələ keçirir.  İllər keçir.  Oğlan böyüyür. Ağsaqqallar ona bildirirlər ki,  artıq böyüyüb və  gedib padşahdan hakimiyyətini geri alsın.

    Oğlan atasından qalma olan taxt–tacı  padşahdan istəyir. Padşah onunla şərt kəsir: əgər verdiyi suala  bir ay müddətində  doğru–düzgün cavab verərsə, onda hakimiyyəti ona verəcəyini bildirir. Əks halda  iddiasından  əl çəkməyi tövsiyə edir.  Padşah sual verir: “Ədəbli olmaq üçün zat, yoxsa tərbiyə əsas amildir?”  Oğlan qayıdır ona istiqamət verən ağsaqqalların yanına və padşahın şərtini izah edir. Ağsaqqalların yarısı zatın,  digər hissəsi isə tərbiyənin insanın  ədəbli olmasında  əsas olduğunu bildirirlər. Vədə gəlib çatır. Naəlac qalan oğlanın cəmi bir gün  vaxtı qalır. İşin çıxılmaz olduğunu bilən bir ağsaqqal ona deyir ki, onun rəhmətlik atasının  bir müdrik vəziri var imiş və bu sualın da ən düzgün cavabını o bilər,  onu tapmaq lazımdır. Oğlan atasının vəzirini tapır, məsələni açıb ona  danışır.  Vəzir məsləhət görür ki, gedib padşaha bildirsin ki, ədəbli olmaq üçün əsas amil zatdır. Bəli,  vədənin son günündə oğlan padşaha bildirir ki, o zatı  əsas götürür. Padşah   fikrini isbat etməyi tələb edir və  göstəriş verir ki, saray əyanları yığışsın, məclis qurulsun.  Musiqiçilərə əmr edir ki, bir “vağzalı”  çalsınlar.  Məclisə bir pişik buraxırlar.  Pişik  “vağzalı”  havasında ritmi düzgün tutub gözəl bir rəqs  nümayiş  etdirir.

     

 

 

 

Oxunub: 0 Müəllif: millibirlik Bugün, 13:29 Şərhlər (0) Davamı...

Giriş
İstifadəçi adı
Şifrə


Axtarış


Sorğu


Keçidlər

Son şərhlər

       
     millibirlik