Min dərd varsa, min bir dərmanı var.

     Hələ qədim dövrlərdən insanları narahat edən xəstəliklər şəfalı bitkilərin tapılıb meydana çıxmasına səbəb olmuşdur. Qədim insanlar xəstə heyvanların lazımi bitkiləri instinktiv olaraq necə axtarıb tapdıqlarını müşahidə etmişlər.
      Xəstəliklərin müalicəsi və profilaktikasında bir sıra vərdişlər, bitki, heyvan və mineral mənşəli vasitələrin müalicə xüsusiyyətləri haqqında toplanmış empirik məlumatların məcmusu olan xalq təbabəti getdikcə inkişaf edərək xalqın yaddaş süzgəcindən keçmiş, nəsildən-nəsilə ötürülərək xalqın adət-ənənələrində, rəvayətlərində öz əksini tapmış və müxtəlif formalarda yazıya köçürülmüşdür.
      Qoca Şərq öz qədim mədəniyyəti və elmi ilə yanaşı, xalq təbabəti ilə də məşhurdur. Dərman bitkilərinə aid olan ən qədim əlyazma eramızdan 2600 il əvvəl Çində tərtib edilmişdir. Çinli həkim Li-Şi-Çyen öz kitabında 1500-ə yaxın, antik dövrün həkimlərindən biri Hippokrat 200-ə qədər, Roma ordusunun həkimi olmuş Dioskorid 500-ə qədər dərman bitkisinin təsvirini vermişdir. Zaman ötdükcə təcrübələr toplanmış, dərman bitkiləri ilə yanaşı xalq təbabətində mineral sulardan, müalicəvi palçıqlardan, massajdan, iynədən və başqa vasitələrdən də istifadə olunmağa başlanmışdır. Elmi təbabət və xalq təbabəti bir-birindən ayrılmaz surətdə tətbiq edilmişdir.
      VIII-XII əsrlərdə böyük ərazini zəbt etmiş ərəblərin orta əsr mədəniyyətini yaratmaqla yanaşı xalq təbabətinin inkişaf etdirilməsində, alimlərin əsərlərinin bu günədək gəlib çatmasında böyük rolu olmuşdur. O dövrün görkəmli alim və həkimlərindən İbn Baytarin, Kəbiəddin Ömər Osmanın, Zəkəriyyə Razinin, Əbu Reyhan Biruninin, İbn Mənsurun, İbn Kəbirin, Həsən ibn Şirvaninin, Məhəmməd Yusif Şirvaninin, İbrahim ibn Zeynalabidin Naxçıvaninin, Məhəmməd Əttar Naxçıvaninin, Seyyid Məhəmməd Möminin adlarını xüsusi qeyd etmək olar. Bunlardan İbn Sina 900, Biruni 880, İbn Mənsur 500-ə yaxın dərman maddəsini təsvir etmişdir.
      Azərbaycanın da özünəməxsus xalq təbabəti mövcuddur. Buna şifahi xalq ədəbiyyatında da rast gəlmək olar.
      Təəsüflə qeyd etmək lazımdır ki, XIX əsrin sonlarından başlayaraq kimyanın inkişafı ilə xalq təbabəti arxa plana salınmış və unudulmuşdur. Kimyəvi dərmanların sayı artdıqca xəstəliklərin də sayı artmışdır. Bəzən insanlar qəbul etdikləri dərmanlardan xəstələnirlər. Əgər biz, babalarımızın, nənələrimizin bizim üçün irs qoyduqları xalq təbabəti yolu ilə getsək, özümüzün və gələcək nəslin sağlamlığını təmin etmiş olarıq.


İradlar və təkliflər
Sizdən gələn suallar
 
Copyright  ©  2004  ADİL